Xeberler

20 İYUL

Gəlir vergisi (Xüsusi notariuslar üzrə)

Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə)

İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar. 

Əlavə dəyər vergisi

ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər

Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi

Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. 

Mədən vergisi

Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi

Sadələşdirilmiş vergi üçün (o cümlədən idman mərc oyunlarının operatorları və satıcılarının bu fəaliyyəti üzrə) hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Bina tikintisi fəaliyyəti üzrə)

Bu fəaliyyətlə məşğul olan və sadələşdirilmiş vergitutma metodunu seçmiş şəxslər üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər. Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə)

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq "Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar. 

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə)

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi" vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. 

Ödəmə mənbəyində tutulan digər vergilər

Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı olan digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi

Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür. Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Dövlət rüsumu

Dövlət rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildilərək iki bank günü ərzində, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (bundan sonra Bəyannamə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir. Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. 


İstinad: Vergiler.az